
Azərbaycanda qədim zamanlardan bəri xovlu və xovsuz xalçalardan əlavə yerli əhalinin məişətində geniş istifadə olunan xalça məmulatları toxunub. Ölçü və formalarına görə müxtəlif olan xurcun, heybə, qaşlıqlarda qab-qacaq, paltar, məfrəşlərdə yataq dəsti, çuval və xarallarda isə buğda saxlanılır və daşınırdı. Qış aylarında ev heyvanlarının soyuqdan qorunması və bəzənməsi üçün çuldan istifadə olunurdu. Bundan əlavə, döşəmə örtükləri. pərdələr, yastıqlar və s. hazırlanırdı.
Xalça məmulatlarının yığcamlığı, çoxfunksionallığı, uzunömürlülüyü, onları yerli maldar əhalinin hərəkətli, köçəri həyat tərzi və məişəti üçün əvəzolunmaz etmişdi. Yüngül, tez yığılıb-sökülən, rahat daşınan və yığcam xalça məmulatları maldarların məişətinin ayrılmaz tərkib hissəsi idi.
Xalça məmulatları Azərbaycan xalqının məişətindəki bütün təbəqələrə nüfuz etmişdi. Onlardan toy və yas mərasimlərində istifadə olunurdu. İctimai və dini bayramları, ailə təntənələrini, idman yarışlarını və rəsmi qəbulları xalça məmulatları olmadan təsəvvürə gətirmək mümkün deyildi. Zaman keçdikcə, bunlar əsl sənət əsərinə çevrildilər.
Müxtəlif bölgələrin xalçaçıları rəngarəng naxışlarla bəzənmiş nəfis məmulatlar toxuyurdular. Ustalar məmulatın formasını, təyinatını və məğzini ifadə edən özünəməxsus kompozisiyalar yaradırdılar.
Xalça məmulatları yun, pambıq və ipəkdən hazırlanırdı. Məmulatların yüngül olması üçün onları xovsuz texnikada toxuyurdular. Qarabağ və Qazax bölgələrinə aid məmulatlar forması və koloritinin rəngarəngliyi ilə seçilirdilər. Abşeronda, Qubada və Şirvanda xalça məmulatları nisbətən az toxunsa da, onlar incə teksturaları, xırda naxışları və sakit rəng çalarları ilə fərqlənirlər.
Forma rəngarəngliyi, bədii üslub, koloristik palitrası, eləcə də müxtəlif bölgələrin xalça məmulatlarının fərqli toxunuş texnikası bu regionlardakı oturuşmuş ənənələrlə müəyyənləşmişdi.
Xalça məmulatından hər birisi, belə demək olarsa, məlum ornament və elementlərdən ibarət olması ilə eyni zamanda məchul olaraq qalmaqdadır. Xalçaçılıqda hər bir müəllif əsərini ənənəvi olan milli ornamentin, element və motivlərin ümumi cizgilərdə qorunması ilə bərabər, onun (çox vaxt adı naməlum qalan) bir usta tərəfindən ərsəyə gətirilməsində tətbiq edilmiş kompozisiya və rəng həllinə, məhsula bəxş edilmiş qavranılma imkanlarına fərdi dəsti-xəttin də özünəməxsus şəkildə qarışmasının hasili hesab edə bilərik.
Azərbaycan xalça məmulatları barədə bilgilərə orta əsr mənbələrində tez-tez rast gəlinir. 10-cu əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyətindən söz açıb.
Xalça məmulatları haqqında bilgilərə orta əsr klassik Azərbaycan ədəbiyyatında da rast gəlinir. Nizaminin (12-ci əsr) “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında xalça və xalça məmulatlarının toxunması və istifadəsi barədə məlumatlar var. “İsgəndərnamə”də çul, çuval və xalvar kimi məmulatların adına rast gəlinir.
Məişətdə xalça məmulatları öz aparıcı rolunu əsrlər boyu qoruyubdur. İnsanların və cəmiyyətin həyatında köklü dəyişikliklərə baxmayaraq, bütün sosial, iqtisadi, siyasi və mədəni dəyişiklikləri özündə əks etdirən xalça məmulatları həmişə əhəmiyyətli rol oynamışdır.