Hər bir incəsənət növündə ideya zənginliyi formaların və təsvir çalarların da zənginliyini tələb edir. Azərbaycan xalçası haqda danışdıqda mütləq xalçaçılıq sənətinin ümumi tendensiyaları və Azərbaycan ərazisindəki yerli xalça məktəbləri haqqında danışmaq lazımdır. Hazırda Azərbaycan xalçasının yeddi mühüm xalça məktəbi mövcuddur: Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz.

Hər bir mərkəzdəki ustanın bacarıqları, ornamental və bədii işləmə üsulları fərqli idi. Hər bir mərkəz üçün yerli bitkilərdən hazırlanan boyaq maddələri əsasında seçilmiş xarakterik rənglər özünəməxsusluq təşkil edirdi. Bununla yanaşı, onlarda ümumi stilizasiya bacarıqları və üstünlük verdikləri kolorit seçimləri yaranırdı. Azərbaycan bölgələri hər biri ənənəvi xalça kompozisiyalarının müəyyən sayından yararlanırdı. Bu kompozisiyaların variasiyaları kanonik kodun tanınmasını qoruyub saxlamaqla, ənənəvi kompozisiyalardan sərbəst şəkildə fərqlənirdi. Xalçaçılıq mərkəzlərinin meydana gəlməsi, inkişafı və yerləşmə davamlılığı regiondakı tarixi-etnik proseslərin inkişaf dinamikasından praktiki olaraq asılı deyildi. Bu mərkəzlərin xalçalarının özünəməxsusluğunu təsərrüfat- məişət amilləri və sosial amillər təyin edir, bunların kompozisiya əsaslarını isə bu ərazidə formalaşan qədim toxuculuq ənənələri formalaşdırırdı. Buna görə gələn etnos yerli ənənələri daha çox yerli həyat və məişət standartları ilə birgə qəbul edirdi. Yerli ənənə bəzi innovasiyaları qəbul etsə də, nəticədə onları yenidən emal edərək, ənənəvi bədii struktura daxil edirdi. Artıq 18-20-ci əsrlərin nəticələrinə əsasən, Azərbaycan xalça zonalarının, burada yaşayan müxtəlif xalqlar və etnik qruplar tərəfindən qəbul olunmuş səciyyəvi bədii-texniki xüsusiyyətləri aydın görünürdü. Azərbaycan xalçalarının 19-20-ci əsrlərin bir çox tədqiqatçıları tərəfindən həyata keçirilən elmi təsnifatın əsasını ənənəvi xalq terminologiyası və bazar nomenklaturasına uyğun olaraq ərazi-coğrafi prinsip təşkil edirdi.