Abşeron, Xızı xalçaçılıq mərkəzlərini və onlara daxil olan xalçaçılıq məntəqələrini (Bakı, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Pirşağı, Mərdəkan, Qala; Xızı, Zarat, Gəədi, Govxanlı, Keş, Xal və s.) birləşdirir. Bakı məktəbinin daha məşhur xalça kompozisiyaları: “Bakı”, “Xilə-Buta”, “Xilə-Əfşan”, “Suraxanı”, “Novxanı”, “Goradil”, “Fatmayı”, “Fındığan”, “Qəədi” və başqalarından ibarətdir. Burada xovsuz xalçalar da toxunur – palaz, zili və s. Bu məktəbin xalçalarının fərqli xüsusiyyətləri onların orta ölçüləri, ilmələrinin orta sıxlığı, hündür xovu, parlaq rəngi, həndəsi motivlərə malik olması və çox stilizə edilmiş nəbati elementlərdən təşkil olunmuş medalyonlu və simmetrik kompozisiyalarıdır. Bakı xalçaları üçün parçanın yumşaqlığı, rəng intensivliyi, mürəkkəb ornamentlərinin incə rəsmləri və gözəl işləmələri xarakterikdir.