Qarabağ, Şuşa, Cəbrayıl, Naxçıvan, Zəngəzur xalça mərkəzlərini və Bərdə, Ağcabədi, Qarayusifli, Çələbilər, Alpaut, Kosalar, Quşçular, Qazaxlar, Əmirli, Ləmbəran, Tərtər və b. xalçaçılıq məntəqələrini əhatə edir. Yaxın günlərədək azərbaycanlıların sıx yaşadığı bir sıra xalçaçılıq ocağı, xüsusən Zəngilan hazırda Ermənistan Respublikasının ərazisində yerləşir.
19-cu əsrdə Qarabağda xalça toxuculuğuna görə Şuşa şəhəri birinci yerdə idi. Şuşa xalçalarını tədqiq edən Rusiya alimi Y. Zedgenidze qeyd edirdi ki, toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa Qafqazda birinci yeri tutur. Şuşada azərbaycanlılardan başqa, ermənilərin də yaşadığını xatırladarkən o, vurğulayırdı ki: “…Şuşada, demək olar ki, bütün xalça toxuculuğu tatar (azərbaycanlı – R.T.) ailələrində cəmlənmişdir… Ermənilər tatarlardan xalça toxuculuğunu öyrənməli idilər…”
Qarabağın ən yüksək keyfiyyətli toxunuşunun incəliyi, zərifliyi, rəngarəngliyi ilə xarakterizə olunan “Lampa”, “Qoca”, ”Balıq” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri burada toxunurdu. Qarabağ məktəbinin ən məşhur xalça kompozisiyaları bunlardır: “Bərdə”, “Xanqərvənd”, “Aran”, “Malıbəyli”, “Buynuz”, “Dəryanur”, “Açma- yumma”, “Şabalıd-buta” və b. Qarabağ xalçalarının bədii-texnoloji xüsusiyyətlərinə onların hündür xovu, iri formatı, yüksək kompozisiya ustalığı, təsviri fantaziyası və kolorit zənginliyi daxildir.