Bakı və Qarabağ zonasına xas olan xovsuz xalçalar sırasında özünəməxsus yeri və ənənələrə bağlılığı ilə fərqlənən xalça məmulatlarından biri də “Dəstərxan”lardır. Mərasim süfrəsi kimi istifadə olunan bu xalça məmulatı uzun müddət idi ki, unudulmuşdu. “Azərbaycan xalça ensiklopediyası”nda oxuyuruq: “Dəstərxan – zərif toxunuşlu ağ palaz. Kənarları qabarıq naxışlarla haşiyələndirilir, süfrə kimi istifadə edilir”. Yun və pambıq materialdan kvadrat və ya düzbucaqlı formada, dolama üsulu ilə toxunan, ara sahəsi çox vaxt saya olan dəstərxanların üzərində yer alan naxışlar həm də qonaqpərvərlik xüsusiyyətlərini, insanlara xoşməramlı münasibətlərini əks etdirməklə, naxışların dili ilə ailələrə sülh və əmin-amanlıq, ruzi-bərəkət arzularını çatdırır.

Dəstərxanın strukturunu iki müxtəlif ip – əriş və arğac ipləri təyin edir. Sadə keçirtmə yolu ilə arğac ipləri bir-bir ərişlərdən keçirilir və müəyyən sxem üzrə dolama yolu ilə onları tamamilə örtür. 

Unudulmuş çeşni professor Röya Tağıyevanın rəhbərliyi ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyi ilə Azərbaycan Xalçası Muzeyi tərəfindən bərpa olunub.