Keçmişdə, adətən, kişi şalvarı, habelə qadın tumanları “nifəli” tikildiyindən onlar enli bağ vasitəsi ilə beldən bağlanırdı. Ona görə də milli geyimlər dəbdən düşənə qədər əhalinin ev məişətində müxtəlif rəngli keci sap və ya ipdən toxunan başı qotazlı bağa ehtiyac böyük idi. Bu ehtiyacı nəzərə alaraq hər bir evdə qız-gəlin al-əlvan rəngli keci saplardan şalvar (tuman) üçün bağ toxuyardı.

Dağlıq Şirvanda bağ toxumaq üçün “şalabəndçü” adı ilə bəlli olan düzbucaqlı quruluşa malik xüsusi toxuma-hörmə alətindən istifadə olunmuşdur. Dik dayanan çapara dəzgahından fərqli olaraq bağ dəzgahı maili vəziyyətdə, qucaqda tutulub toxunurdu. Dəzgahın qollarına keçirilmiş üst oxu mütəhərrik, alt oxu isə sabit vəziyyətdə dayanırdı. Dəzgah qollarının yuxarı başında açılmış şaquli düzümə malik deşiklər üzrə üst oxunun mövqeyini dəyişdirməklə, bağın boyunu uzadıb-qısalda bilirdilər.

Toxuma prosesi “rəxt” adlanan qarğı paralarından düzəldilmiş bir çərək uzununda yastı və hamar pərlər vasitəsilə görülürdü.