Nağıllarda, əfsanələrdə, klassik ədəbiyyatımızda adına tez-tez rast gəldiyimiz xalça məmulatlarından biri də heybədir. Dağlıq və Aran bölgələrində məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir, lakin ondan iki dəfə kiçik olur. Əsasən xovsuz xalça texnikasında toxunur, yun, pambıq və ipəkdən hazırlanır. Cecimdən tikilən heybələr də var. Belə heybələrin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzənir. Çiyninə salınan heybənin içində bir günlük ərzaq və xırda əşyalar daşınır. Süsləməsi ilə fərqlənən, rəngləri ilə göz qamaşdıran heybələr ölkəmizin bütün guşələrində toxunurdu. Heybəsini çiyninə alıb “Yolçu yolda gərək” deyərək səfərə çıxan, acıyanda yaxmacını içindən çıxarıb çəmənlikdə təbiətin seyrinə dalaraq nuş edən qəhrəmanlar müasirlərimiz sayağı onu geyiminə, tərzinə uyğunlaşdıraraq, analarının əmanəti kimi sevə-sevə daşıyırdılar.