Çul – müxtəlif ev heyvanlarının (at, dəvə, öküz və s.) belini örtmək üçün hazırlanan bədii örtükdür. Azərbaycanda əsasən xovlu və xovsuz xalça texnikası, bəzən də tikmə (güləbətin, təkəlduz, cülmə) üsulu ilə hazırlanmışdır. Çulun toxunuşunda yun, müxtəlif rəngli ipək iplərlə yanaşı bəzən qızıl-gümüş tellərdən də istifadə edilmişdir. Hökmdar və əyanların atları üçün toxunan çulların bədii tərtibatında qiymətli qaş-daşlar işlənirdi. Xalça texnikası ilə toxunulan çullar stilizə edilmiş heyvan və quş rəsmləri, həndəsi və nəbati (gül, qönçə, yarpaq) naxışlar, haşiyə qurşağı və saçaqlar ilə bəzədilirdi. Azərbaycanda (Qarabağ, Muğan, Şirvan və Cənubi Azərbaycan) toxunulan çullar həm toxunuşuna, həm materialına, həm də naxışına görə ən yüksək keyfiyyətə malik idi. El bayramlarında, toylarda, eləcə də ziyarət zamanı atların və dəvələrin gözəl və əzəmətli görünməsi üçün üstlərinə çul salınırdı. Kandara ayaq silmək üçün salınan ayaqaltı da bəzən “çul” adlanırdı. Dəvəni cahazlarkən istifadə edilən xüsusi çul keçəkapan adlanırdı.
2023-10-01