Yəhər xalçası – yəhərin üstünə salınmaq üçün toxunan kiçik xovlu və ya xovsuz xalçadır. Rəngbərəng qotazlarla bəzədilən yəhər xalçası yəhərüstü və yəhər üzlüyü də adlanır. Yəhər heyvanlardan minik və yükləmə məqsədilə istifadə etdikdə işlədilən ləvazimatdır. İlk yumşaq yəhərlər palan əsasında düzəldilmişdir (b.e.ə. II minilliyin birinci yarısı). B.e.ə. I minillikdə işlədilən Midiya yəhərləri kiçik çul və onun altına qoyulan keçə tərlikdən (təkəlti) ibarət idi. Qafqaz Albaniyasında tayfa başçıları ağac əsaslı (qaltaqlı) yəhərdən istifadə etmişlər. Qaltaqlı yəhərin meydana gəlməsi üzəngili yəhərlərin yaranmasına rəvac verib. Azərbaycanda dəvə üçün xüsusi yəhərlər mövcud idi. Yəhərin ən təkmilləşmiş forması atdan minik vasitəsi kimi istifadə edilərkən işlədilir.
Yəhərin ölçüsünə müvafiq olaraq, yəhər xalçası xırda toxunmaqdan əlavə, həm də onun ön hissəsində yəhərin qaşına keçirilmək üçün balaca yarıq qoyulur, ətraflarından isə saçaqlar sallanırdı.
