Dama-dama Şəddə. Qarabağ. XIX əsrin sonu. 164×246 sm.

Şəddə xovsuz xalça növlərindən biridir. Yun, pambıq və ipəkdən toxunur. Xalçanın strukturu tarazlaşdırılmış toxunuş əmələ gətirən iki əsas ipdən – əriş və arğacdan ibarətdir. Ümumilikdə üç şəddə tipi var: birrəng şal; dama-dama; süjetli zili şəddə və dəvəli şəddə. Süjetli şəddələrdə fonu tarazlaşdırılmış keçirtmə üsullu toxunuş təşkil edir. Naxış yaradan ip isə ancaq ornamentin yaranmasında iştirak edir. Naxış yaradan ip iki cüt ərişin ətrafına, sonra isə bir daha sonuncu cütün ətrafına dolanır və əyri sırıq əmələ gətirir (4/2). Bu texnika “qayıq” adlanır. Adətən şəddə bir yerdə tikilmiş iki parçadan ibarət olur. Ancaq bütöv şəddələrə də rast gəlmək olur. 

Şəddələr aşağıdakı növlərə ayrılır: 

• Hazırlanma texnikasına görə – Şal, Şəddə cecim; 

• İstifadə yerinə görə – Çillə şəddəsi, Bəy çadırı, Qodu parçası, Şəddə kilim;

• Bədii xüsusiyyətlərinə görə – Dəvəli şəddə, Dama-dama şəddə, Kəsməli şəddə, Qaraqoyun şəddəsi, Şətrənci, Quşlu zili, Zili-şəddə və s. 

Fakturasından asılı olaraq qalın şəddə döşəmə və ya divar örtüyü kimi, nazik şəddə qadın və kişi üst geyiminin hazırlanması üçün ya da süfrə kimi istifadə olunurdu. Qırmızı rəngin üstünlük təşkil etdiyi şəddələrdən isə toy və bayram mərasimlərində istifadə edilirdi. Qırmızı rəngli şəddə qoruyucu kimi toy pərdəsi qismində istifadə olunurdu. Ağ-qara damalı şəddələr sufilərdə ənənəvi dini atribut idi. 

Dəvəli Şəddə. Naxçıvan. XIX əsrin sonu. 180×400 sm.

Azərbaycanda Çillə Şəddə xovsuz xalçasının toxunmasının özündə də bir rituallıq var idi: xüsusi olaraq ailədə ciddi problemlər yarananda, xəstəlik və ağırlıq olanda bu xalça toxunub evdən çıxarılardı – ailənin rahatlığı naminə evdən bu xalçalarla “ağırlıq cıxarılması” ənənəsi mövcud idi.

Şəddənin adı “Şadılı” tayfasının adı və bir sıra digər türk toponimləri ilə bağlıdır. Bu gün Azərbaycanda hələ də şəddə sözü ilə bağlı kənd adları var: Şahbuzda Şəddə, Göranboyda Şadılı kəndləri. 

Bakıda şəddələri “Qayıq palaz”, Qarabağda “Zili”, Naxçıvanda “Cecim”, Cənubi Azərbaycanda “Bucaq qırığı”, “Ocaq qırığı” adlandırırdılar. Muğanda pambıq palazlara da “Şəddə” deyirlər. 

Şəddənin əsas istehsal mərkəzləri Qarabağ (Ağdam, Bərdə), Şərqi Zəngəzur (Qubadlı, Cəbrayıl, Göyçə), Qazax, Naxçıvan, Cənubi Azərbaycandır (Ərdəbil, Məşkin, Muğan).