
Azərbaycanda naxışsız və ornamental çətənlər hazırlanırdı. Naxışlar iki üsulla çəkilirdi.
Birinci üsul: qarğının, qamışın üzərinə yandırılma üsulu ilə ilanabənzər naxış vurulur. Tut ağacının (bəzən isə nar və ya gilas ağacının) nazik budaqlarının qabığı soyulur, spiral şəklində hər qamışın üzərinə sarılır və müəyyən müddət odda saxlanılır. Qarğılar yerdə üfüqi sıralarla düzülür, onları ikiqat yun ip və pambıq ipliklər birləşdirir. Onların yuxarı və aşağı hissələri əriş rolunu oynayır. Çətənin naxışları tünd qəhvəyi və solğun oxra çalarlı üfüqi dalğavari xətlərlə ritmik qaydada növbələşir.

İkinci üsul: daha mürəkkəb texnikalı çətənlər üçün xarakterikdir. Toxucu hər qamışda iynə və ya bizlə kompozisiyanın konturlarını həkk edir. Hər qarğı yun (bəzən isə pambıq və ipək) iplərlə dolanır. Onların rənglərinin seçilməsində müəyyən ardıcıllıq gözlənilir.
Böyük naxışsız çətənlər mağaraların, çadırların çöl hissəsinin örtülməsi üçün, naxışlılar isə daxili tərtibat üçün istifadə olunurdu. Bunlar kiçik divar kimi alaçığın yaşayış hissəsini təsərrüfat hissəsindən ayırırdılar. Buriya variantlı kiçik çətənlər düyü üçün süzgəc rolu oynayır. Onları evlərin damlarına gün şüaları altında meyvə qurutmaq üçün sərirdilər. Bu üsulla qış üçün alça, gavalı, alma, göyərti qurudur, üzərində barama yetişdirirdilər.
Keçmişdə çətənin əsas istehsal mərkəzləri Kür və Araz sahilindəki Qazax, Qarabağ və Muğan rayonları idi.
