Buriya – qalın və sıx həsirdir. Buriya yabanı bitən lığdan hörülürdü. Onun toxunuşu sadə və mürəkkəb, naxışlı və naxışsız olurdu. Sadə buriyaların naxışları şaquli zolaqlardan, mürəkkəblərinki isə həndəsi fiqurlardan ibarət idi. 

Buriya. Lənkəran. XX əsrin sonu. 70×400 sm.

“Güllü həsir” adlandırılan Lənkəran buriyası iki naxışla toxunur. Orta əsrlərdə belə buriya “Çavlı buriya” adlandırılırdı. ”Çavlı buriya” həsir toxunuşlu olur və ələyə bənzəyirdi. Material kimi əsasən qamışdan istifadə olunurdu. ”Çavlı buriya”nın özəlliyi onda idi ki, onu orta əsrlərdə taxıl ələnməsi üçün istifadə edirdilər. Sadə buriyaların enli şaquli zolaqları kompozisiyanın əsasını, ornamentasiyasını isə eyni elementin ritmik təkrarı təşkil edirdi. Mürəkkəb buriyaların naxışları iri həndəsi fiqurların daha kiçiklərlə ritmik və qarşılıqlı əlaqəsindən yaranırdı, üçbucaq formasında ziqzaqşəkilli olub vəhdət təşkil edir. Elementlərin bərabər qaydada növbələşməsi naxışa dinamika, fakturaya relyeflilik gətirir. Azərbaycanın bəzi cənub rayonlarında keçmiş zamanlarda yaşamış buriya ustalarının rəsmləri saxlanılıb. Xalq onları qoruyub saxlamışdır. Məsələn, “Həsiri”, “Teymuri” və s. 

Keçmişdə buriyanın əsas istehsal mərkəzləri Kür və Araz sahili boyu yerləşən kəndlər, Masallı və Lənkəran rayonları olub. Lənkəranın bəzi kəndlərində buriyanın hazırlanması az da olsa qalmaqdadır.