
Zəngin və qədim tarixə malik ölkəmizin nadir təbiəti, münbit torpaqları, zəngin bitki və heyvanat aləmi – hələ tarixdən əvvəlki dövrlərdə bu ərazidə insanların yaşayış məskənləri salmasına səbəb olmuşdur. Bu amillər eyni zamanda insan fəaliyyətinin müxtəlif istiqamətlərinin inkişafına əlverişli şərait yaratmışdır. Beləliklə xalqın mədəniyyət tarixində onun zəngin mənəvi dünyasını əks etdirən, ona xas xüsusiyyətlərin, intellektin, dünyagörüşünün, estetikanın və həyat fəlsəfəsinin köklərini təcəssüm etdirən incəsənət növləri meydana gəlmişdir.
Azərbaycan xalqı üçün bu cür incəsənət növü xalçaçılıq sənətidir.
Toxuculuq və xalçaçılıq bir çox xalqlara məlumdur, öz təyinatlarına görə utilitar xarakter daşımaqla yanaşı, artıq qədim zamanlardan etibarən harmoniya, ritm və rəngin estetikasını özlərində təcəssüm etdiriblər. Lakin xalçaçııq sənətində bədii başlanğıcın hakim mövqe tutması və estetik dəyər qazanması, xalq fəlsəfəsinin, milli xarakterin mahiyyətini hərtərəfli əks etdirən əsl sənətə çevrilməsi üçün müəyyən coğrafi, iqtisadi və sosial şərtlərin bir növ sintezinə ehtiyac duyulurdu.
Məhz Azərbaycanda xalçaçılığın insan fəaliyyətinin ən önəmli sahələrindən birinə çevrilməsi təsadüfi deyildi, çünki qədim dövrlərdən bəri təbii şərtlər, xalqın ictimai və mədəni inkişaf səviyyəsi, bədii təfəkkür xüsusiyyətləri və ən nəhayət, məişət tərzi buna imkan yaradırdı. Sonrakı dövrlərdə Azərbaycan xalqının gündəlik həyatının, demək olar ki, bütün sahələrini özündə əks etdirən xalça artıq sosial əhəmiyyət qazanmışdır.
Azərbaycanda əhalinin bir hissəsi qədimdən bəri əsasən heyvandarlıqla məşğul olmuşdur: xırda (qoyun, keçi) və iribuynuzlu mal-qara (inək, kəl, zebu), dəvə və at yetişdirirdilər. Tunc dövründən başlayaraq, Azərbaycanın ərazisi bütün Zaqafqaziyanın köçəri (yaylaq-qışlaq) maldarlığının mərkəzinə çevrilir. Azərbaycanda geniş ərazilərdə yerləşən yay və qış otlaqlarının mövcud olması və əhalinin ənənəvi olaraq maldarlıqla məşğul olması insanların yayda dağlıq ərazilərdə yerləşən otlaqlara (yaylaqlara), qışda isə düzənlik ərazilərində yerləşən otlaqlara (qışlaqlara) köçməsini şərtləndirirdi. Əhalinin əhəmiyyətli hissəsinin yaylaqlara və qışlaqlara tarixən formalaşmış mövsümi köçləri xalçaçılığın inkişafında mühüm rol oynamışdır. Xalçalar hələ qədim zamanlardan bəri Azərbaycanın həm maldarlıq, həm də əkinçiliklə məşğul olan oturaq əhalisinin məişətində geniş surətdə istifadə edilmişdir. Onlardan xalça və xalça məmulatlarının hazırlanması xüsusiyyətlərini şərtləndirən müəyyən yaşayış tərzinin hökm sürdüyü şəhər və kəndlərdə istifadə edilirdi.
Xalça və xalça məmulatları hökmdar və iri feodalların saraylarını, tacir və sənətkarların evlərini, maldarların alaçıqlarını, çadırlarını, əkinçiliklə məşğul olan kəndlilərin evlərini eyni dərəcədə bəzəyirdi, və müvafiq olaraq da, onlar ölçülərinə, növlərinə, funksional xüsusiyyətlərinə, keyfiyyətlərinə və s. görə fərqli idilər. Belə ki, məsələn, zadəganların məişətində böyük ölçülü, bahalı xovlu xalçalardan istifadə olunduğu halda, ortabab və kasıb təbəqədən olan əhali əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.
Maldarların məişətində xalça və xalça məmulatlarının utilitar əhəmiyyəti əvəzolunmaz idi, xalçalardan alaçıq və çadırların döşənməsində və onların divarlarının bəzədilməsində, bir yerdən digər yerə köçərkən arabaların üzərinin örtülməsində istifadə edilirdi. Xalça parçasından isti paltar tikir, xalça ipliyindən isə xüsusi isti qış corabı hörürdülər. Xalçaların üzərində oturur, yeyir, istirahət edir və yatırdılar.
Xalça və xalça məmulatları gündəlik həyatda istifadə edilməklə yanaşı, ənənəvi təntənəli bayram mərasimlərinin və dini ayinlərin həyata keçirilməsində də geniş surətdə tətbiq edilirdi. Xalçalar gəlinlərin cehizlərinin əsasını təşkil edirdi, həm də onların çox böyük hissəsi gəlinin özü tərəfindən toxunmalı idi. Kiçik ölçülü xüsusi xalçalar (namazlıqlar) dua etmək üçün nəzərdə tutulmuşdu. Azərbaycan əhalisinin öz məişətlərində xalça və ya xalça məmulatlarından, demək olar ki, istifadə etmədikləri sahə yox idi.
Xalçanın məişətdə son dərəcə əhəmiyyətli rolu onu toxuyan insanların cəmiyyətdə böyük sevgi və hörmət qazanmasına səbəb olmuşdur. Əhalinin böyük əksəriyyəti bu sənətlə məşğul olurdu.
Yaxşı xalçalar ta əzəldən bəri Azərbaycanda var-dövlətin, firavanlığın göstəricisi olmuşdur. Orta əsrlərdən başlayaraq, çox vaxt vergiləri xalçalarla ödəyirdilər. Orta əsrlərdə xalçaların hazırlanması ilə hətta tanınmış şəxslər də maraqlanırdılar, çünki xalça toxuma sənəti, zaman keçdikcə, bədii baxımdan zənginləşərək, kobud, qaba istehsaldan yüksək bədii dəyərin predmetinə çevrilmişdi.
Xalçalar və xalça məmulatları özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Toxuculuğun mənşəyi isə hələ bitki xammalından (qarğı, qamış, çətənə və i. a.) sadə hörmə metodu ilə müxtəlif əşyalar hazırlanmasında müşahidə edilir. Bunlar müxtəlif cür həsirlər – həsir, çətən, buriya və s. idi. Bitki mənşəli həmin toxunma materiallar, habelə ilkin kətan və yun parçalar xalçaçılığın formalaşması üçün əsas olmuşdur. Əgər xalçaçılıq texnoloji əsası toxuculuqdan götürmüşdürsə, bitki mənşəli həsirlər xalçanın əsas funksional təyinatını müəyyənləşdirmişdir. Sonradan göstəriləcəyi kimi, görünür ki, xovsuz xalça toxunmasının bir sıra hallarda sıx ilməli üst paltarları hazırlanmasında istifadə edilməsi təsadüfi deyildir.
Eneolit dövrünün bir çox tarixi abidələrinin tapıntılarında sümük və keramikadan hazırlanmış iy (əl iyi) və həmçinin, qablarda onların hazırlanma üsulunda istifadə olunan parçaların izlərinə tez-tez rast gəlinir. Erkən Tunc dövrünə (b.e.ə. 3-cü minillik) aid materialların arasında da bu kimi parça izlərinin mövcud olduğu bir çox keramika məmulatları vardır.
Əvvəlcə toxunma texnikasına və ornamentasiyasına görə müxtəlif olan sadə xovsuz xalçalar, xalçaçılığın sonrakı inkişaf mərhələsində isə xovlu xalçalar meydana gəlmişdir. Məişətdə geniş istifadə olunan xalça məmulatları əsasən xovsuz, nadir hallarda xovlu texnologiya üzrə hazırlanırdı, bunların toxunması prosesində ustalar həmin məmulatların növ müxtəlifliyindən asılı olmayaraq xovsuz xalçalara aid bütün spesifik üsullardan istifadə edirdilər.
Müxtəlif bitki liflərindən toxunma məmulatlar hazırlanmasının bütün texnoloji prosesləri tədqiqatçılar tərəfindən ətraflı öyrənilmişdir. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji obyektlərdə hörmə həsirlərin izləri və qalıqları aşkar olunmuşdur. Müxtəlif növ həsirlərin hazırlanma texnologiyasının mahiyyəti arğacın sadəcə olaraq ərişdən keçirilməsindən ibarət idi. Artıq qədim dövrlərdə məhz həsirlərin hazırlanması üçün ən sadə üfüqi və şaquli dəzgahlar quraşdırılmışdı.
Xalçaçılığın başlanğıc mərhələsi olmaq etibarilə bitki mənşəli hörmə məmulatlar hazırlamaq ənənəsi Azərbaycanda bu günədək qorunub saxlanmaqdadır.
Xalçaçılığın sonrakı inkişaf mərhələsində artıq ilk xovsuz xalçalar meydana çıxır. Onları aşağıdakı növlərə ayırmaq olar: palazlar, cecimlər, kilimlər, vərnilər, şəddələr, zililər, ladılar, sumaxlar. Onlar alaçıqların, çadırların üstünün örtülməsi üçün istifadə edilir, qapı örtüyü, pərdə və döşəmə örtüyü rolunu oynayırdı. Ancaq məhz bu ilkin tələbat əşyalarının hazırlanmasında xalqın bədii dühası, onun yaradıcı təfəkkürünün özünəməxsusluğu tam şəkildə özünü büruzə verməyə başlamışdır.
Xovsuz Azərbaycan xalçaları hələ toxuculuq sənətinin təşəkkül tapma çağında kompozisiya zənginliyi, zərif koloriti və yüksək hazırlanma texnikası ilə fərqlənirdilər. Bədiilik hissi, gözəllik duyğuları, insanın həyatda yaratdığı hər bir əşyada əbədiliyi gormək istəyi ustaları naxışların zərif incəliklərini verməyə imkan yaradan, təbiətin zəngin boyalarını, rəng çalarlarını canlandırmağa qadir olan, əşyaya davamlılıq keyfiyyəti qazandıran toxunuş üslubu axtarıb tapmağa məcbur etmişdir.