Səliqə-səhmanı ilə seçilən nənələrimiz, minilliklər boyu məişətini xalçalarla, bir də onların bənzəri olan xalça məmulatları ilə bəzəməyi çox sevərdilər. Duzu “duz torbası”nda, qaşıqları, çömçələri isə qaşıq torbasında saxlayırdılar. Ölçüsünü də elə seçirdilər ki, onların hamısı rahat yerləşsin və yaylaqdan-qışlağa daşınanda it-bata düşməsin. Oylaqda, çadırda, evdə isə mətbəxdə asılarkən həm az yer tutsun, həm də göz oxşasın, evin xanımının zövqünü nümayiş etdirə bilsin. Ona görə də qaşıq torbaları rəng həllinə, toxunma materialına, naxış və kompozisiyasına görə bir-birindən fərqlənir. Hələ onların asqılarına, qotazlı bağlarına bir diqqət edin, görün hamısı necə gözəl ahəng təşkil edir!