Çuval – Azərbaycanda qədim məişət əşyasıdır. Ondan taxıl və s. məhsulların saxlanılması və daşınmasında istifadə olunub. Pambıq və yundan, kəndir lifindən, həmçinin keçi qəzilindən toxunur. Əsasən palaz toxunuşlu, nadir hallarda qayıq toxunuşlu olur. Kiçik ölçülü çuval qulplu toxunurdu. Orta əsrlərdə pambıq iplikdən toxunan çuval cim və ya xim adlanırdı. Çuval həmçinin ölçü vahidi (təqribən 4 pud=65–66 kq) kimi də işlədilmişdir. Cənubi Azərbaycanda paltar saxlamaq üçün toxunan çuval bucaq çuvalı , iri çuval xaşal adlanırdı. Dəvəni yükləmək üçün toxunan böyük ölçülü çuvala dəvə çuvalı deyilirdi.