Təbriz, Ərdəbil, Mərənd, Zəncan, Urmiya, Qaradağ, Marağa, Xalxal xalçaçılıq mərkəzlərini və Mir, Sərab, Ağbulaq, Namin, Nar, Çalqun, Hamrud, Qaraca, Mehriban, Hoca, Səngəçal, Binab, Xalasu, Miyanə və b. xalça toxuculuğu məntəqələrini əhatə edir. Cənubi Azərbaycan Təbriz məktəbinin ən tanınmış xalça kompozisiyaları bunlardır: “Təbriz”, “Ləçəkturunc”, “Əfşan”, “Açma-yumma”, “Şeyx Səfi”, “Zəncan”, “Mir”, “Balıq” və bir çox başqaları. Təbriz məktəbinin, demək olar ki, hər bir xalçası individualdır, özünəməxsus tonal-kolorit ifadəyə (gah günəş qızılısı, gah göyümtül-moruq, gah da sarı-qırmızı və s. rəng ifadələrinə) malikdir. Təbriz xalçalarında spiralşəkilli bəzəyin elastik, bir-birinə xəfif dolaşan formalara malik və çox zərif, mürəkkəb nəbati ornamentlərin təkmilləşdirilmiş sistemi hökmranlıq edir. Bəzək Təbriz xalçalarının ara sahəsində ya çox sıx paylaşaraq, onun bütün yuxarı səthini tutur, ya da medalyon üslubu prinsipinə görə qurulur. Zaman keçdikcə klassikləşən, bu regionun xalçalarına dünya şöhrəti gətirən bir çox xalça kompozisiyaları 15-16-cı əsrlərdə məhz Təbrizdə formalaşmışdır. Təbriz xalça məktəbinin bütün Şərqin xalçaçılıq sənətinə təsirini qiymətləndirmək çətindir. Məhz burada orta əsrlərdə xalça toxuculuğu tətbiqi-sənət səviy-yəsindən yüksək incəsənət növü səviyyəsinə qalxmışdır.