
Azərbaycanda geniş yayılmış xovsuz xalça növlərindən biri də Vərnidir. Yundan, bəzən isə pambıq və ipəkdən toxunurdu. Vərninin strukturu üç əsas ipdən ibarətdir: əriş, arğac və naxış əmələ gətirən ip. Vərninin naxışı “qayıq” texnikası ilə toxunur. Naxış əmələ gətirən ip iki cüt ərişin ətrafına, sonra isə bir daha sonuncu cütün ətrafına toxuculuğun “qayıq” texnikasıyla dolanır (4/2) və beləliklə ilmələr salınır. Hər bir ilmə çinindən sonra alt, ya üst arğac “doyumlu” keçirdilir. İlmələr bütün çinlərdə soldan-sağa yan-yana salınaraq paralel – birtərəfli düzülüş yaradır. Yaranmış əyri sırıqlar bir səmtə istiqamətlənərək, xalçanın bütün səthini örtür. Nəticədə naxış əmələ gətirən ip xalçanın üz tərəfini təşkil edir. “Naxış ipləri”nin ucları arxa tərəfə çıxarılmır, arğacların arasında itir.
Xalça adətən bir yerdə tikilmiş iki parçadan ibarət olur. Vərninin naxışı xalça üzərində rənginə görə növbələşən “s” və ya “z” formalı stilizə edilmiş əjdaha təsvirlərindən ibarətdir. Əjdaha motivi bolluq və himayədar qüvvənin rəmzi sayılır. Cənubi Azərbaycana aid vərnilər əsasən quş və ağac təsvirləri ilə bəzədilir.
Vərni xalçasından pərdə, yük üzü, döşənəcək, alaçıq üçün örtük və ya dəyə və çadırların dekorativ bəzəyi kimi istifadə olunurdu. Ləmbəranda (Qarabağ) o, “Həmyan”, Lənkəranda isə “Qayıq kilim” adlandırılırdı. Muğanda Vərnidən döşənəcək kimi istifadə etmək üçün altına keçə tikilirdi.
Vərninin əsas istehsal mərkəzləri Qarabağ (Bərdə, Şuşa, Ağcabədi, Cəbrayıl, Ləmbəran), Qazax, Naxçıvan və Cənubi Azərbaycandır.

Vərni. Qarabağ. XIX əsr. 225×283 sm.