Azərbaycan xovsuz xalçalarından biri də “Qədirqə”dir. “Qədirqə” şaquli enli, dalğavari zolaqlı şəddələrə verilən addır. Xalçaçılar arasında bu naxışlar “oxbaşı” yaxud “daraqlı” adlanır. Yüksək keyfiyyətli yun və pambıqdan əyrilmiş iplərdən toxunur. “Qədirqə” kilimlərinin başlıca texnoloji xüsusiyyəti çox zərif olmalarıdır. Belə kilimlərdə əslində boşluqlar nəzərə çarpmır. 

Qədirqənin strukturunu iki sistemli ip: əriş və arğac təşkil edir. Keçirtmə texnikası ilə arğac ipləri ərişlərin arasından “təkbir” – “çalkeçir” keçir. Əriş və arğac bərabər sıxlıqda olur, alt və üst arğaclar doyumlu keçirdilir və üzü şəddədəki kimi həm əriş, həm arğac üzlü olur. Qədirqənin naxışları rəngli əriş və arğac ipləri (qırmızı ilə göy, qara ilə boz, qırmızı ilə ağ, göy və s.) vasitəsilə, kilim toxunuşu ilə yaradılır. Bu zaman Qədirqənin üzərində çox xırda “dırnaqları” (dəlikləri) olur ki, xalçanın adı da bununla əlaqədardır. Onu əsasən döşənəcək kimi yerə salardılar, alaçıqların üstünü örtürdülər.